Həyat, AZANLA NAMAZ ARASI QƏDƏR SÜRƏR.
Loadtr.Com
   
  ƏLİ İBRAHİMOV
  Xəbərlər
 

Qadın sürücülərlə bağlı maraqlı faktlar
www.avtomobil.az tarih 15.08.2013, 15:56 (UTC)
 Bu yaxınlarda oxuduğum bir xəbər diqqətimi çəkdi. İtaliyada 62 yaşlı qadın sürücü 2 həftə ərzində 1.500 qayda pozuntusuna yol verib. Gec də olsa, polislər bu “cinayətkarı” yaxalayıb və 90.000 avro dəyərində cərimə ödəməli olduğunu bildiriblər. Məbləği görən kimi qadının vəziyyəti pisləşib, onu xəstəxanaya aparıblar.

Xəbəri oxuyandan sonra “bravo sənə, ay nənə”, - deyib qadın sürücülərlə bağlı daha nə kimi maraqlı, qorxulu, gülməli hadisələrin baş verib-vermədiyini araşdırmağa başladım.
Kim deyir ki, qadın sürücülər diqqətsizdir, yanılırlar. Aparılan araşdırmalar, keçirilən sorğular qadınların yolda daha diqqətli sürücü olması faktını dəfələrlə təsdiqləyir. Hətta Avropa Birliyinin ekspertləri də qadın sürücülərin kişi sürücülərdən daha diqqətli olduğunu üzə çıxarıb. Lakin araşdırmada məlum olub ki, onlar idarə etdikləri avtomobil haqqında çox az məlumata sahib olurlar. Elə qadınların törətdiyi qəzaların əsas başvermə səbəbi onların diqqətsizliyi deyil, avtomobilinin nasaz olduğunu bilməməsidir.
“Guardian”nın araşdırmasına görə, xanım sürücülərin 61%-i maşınını ustaya yalnız hansısa hissənin sıradan çıxmasından sonra aparır. 77% qadın sürücü isə mühərrikdəki yağın, əyləc mayesinin səviyyəsini ölçə bilmir. Sükan arxasına əyləşən xanımların yalnız 10%-i təkərlərin havasına, yeyilib-yeyilməməsinə fikir verir.

Siz heç bilirsiniz ki, qadın avtomobil idarə edərkən yanında bəy varsa, bu hal qadını əsəbiləşdirir? Bəli, bunu İngiltərənin İrəli Sürücülər İnstitutunun apardığı araşdırmanın nəticəsi söyləyir. Kişilərə qadının idarə etdiyi avtomobildə olmağın xoş təsir bağışlaması məlum olsa da, amma qadınlar üçün bu əksinədir. Çünki harasa gedərkən sükana əyləşmək üçün kişilər qadınlardan 4 qat maraqlıdırlar.

Qadınlar əsasən özünün balaca, yük yerininsə böyük olduğu avtomobillərə üstünlük verirlər. Avtomobilin görünüşü də qadınlar üçün çox önəmlidir. Onlar rəng seçiminə də xüsusi diqqət yetirir və tünd rəngli avtomobilləri sevmirlər. Avtomobil alan kişilər daha çox markaya fikir verirlərsə, onlardan fərqli olaraq, xanımların çoxunun verdiyi ilk sual avtomobilin avtomatik transmissiyasının olub-olmaması ilə bağlıdır.“Otohaber” jurnalının qadınlar arasında keçirdiyi sorğunun nəticələri də kifayət qədər maraqlı olub. Qadınlar bahalı avtomobilini “vizitka” kimi istifadə edən, onunla qürrələnən kişiləri xoşlamırlarmış. Görəsən, sorğuda iştirak edən xanımların cavabları nə dərəcədə səmimidir?!

Qadınlar kişilərlə müqayisədə adətən sürət həddini keçmirlər. Qadın sürücülərin törətdiyi qəzaların 82%-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda “sıxışdırmaları” ilə bağlıdır.Kişi sürücülərin qəza törətməsinə səbəb isə bir çox hallarda içkili olmalarıdır.
Amma qadın sürücülər kişilərə nisbətən çox vaxt gərəksiz yerlərdə siqnaldan istifadə edirlər. Kişi sürücülər isə daha az siqnal verirlər.Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər. Bəzən bu həm nəqliyyatın hərəkətinə, həm sürücülərə, həm də xanımın özünə zərər verir. Qadın sürücülər kişilərə nisbətən az nəzakətlidirlər. Çünki kişi sürücülər yolda digərlərinə daha çox “yol” verirlər.Qadınlar isə daha çox özlərinə yol verilməsini gözləyirlər və piyadalara, avtomobillərə nadir hallarda yol verirlər.
Amma avtomobilə sevgi kişilərdə daha güclüdür. Kişi sürücülərin 40%-i ilk sevgisindən daha çox ilk avtomobilini, ilk nömrəsini xatırlayır.

"Onepoll.com"un apardığı araşdırmaya görə, qadınların avtomobil istifadə edərkən buraxdıqları ən böyük səhvlər yolda diqqəti toplaya bilməmək, əyləci çox gec basmaq, avtomobili birdən sürətləndirmək, şose lentlərinə diqqət yetirməmək, başqa avtomobillərlə çox az məsafə saxlamaq, radio ilə “oynayarkən” yola fikir verməmək, güzgüyə çox baxıb bəzənmək və digər səhvlərdir.

Dünyada qadınların avtomobil idarə etməsinə qadağa qoyan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Burada əcnəbi xanımlara sükan arxasına əyləşməyə icazə verilmir.
 

Tarixin tükürpədici təsadüfləri
www.big.az tarih 04.08.2013, 19:02 (UTC)
 Prezidentlərin oxşar ölümü
1960-cı illərdə ABŞ prezidenti olmuş Kennedi ilə 1860-cı illərdə Abram Linkoln arasında çox maraqlı təsadüflər var. Göründüyü kimi iki prezidentin rəhbərliyə gəlmə tarixləri arasında 100 il fərq var. Bundan başqa, hər iki prezident soyadı Conson olan cənublu ABŞ prezidentlərinin ardından zirvəyə yüksəldilər. Həm Kennedi, həm də Linkoln su-qəsd nəticəsində öldürülüb. Maraqlı məqamlardan biri də budur ki, sui-qəsd edənlərin doğum tarixləri arasında da 100 il fərq var. Linkolnı öldürən Buz 1839-cu ildə, Kennediyə sui-qəsd edən Osvald isə 1939-cu ildə doğulub.
Linkoln teatrda öldürülmüş və ona sui-qəsd edən şəxs bir anbarda tutulmuşdu. Osvald, Kennedini anbardan nişan almışdı və onu teatrda həbs etmişdilər. Linkolna Ford teatrında sui-qəsd edilmişdi. Kennedi öldürüləndə isə bir az əvvəl əyləşdiyi maşının markası Ford Linkoln imiş. Kennedinin katibəsinin soyadı Linkoln, Linkolnin katibəsinin soyadı Kennediymiş. Təsadüflər zənciri uzundur, təəcüblənməmək və sui-qəsdlər arasında bağlantı olduğunu düşünməmək mümkün deyil.
Kennediyə sui-qəsdlə bağlı başqa bir qəribəlik də var. Osvald “Texas School”un kitab anbarında hadisədən bir ay öncə iş tapmışdı. O, təsadüfən öyrəndi ki, prezident korteji anbardan 30 metr uzaqdadır. Bu, Osvaldın özünəinamını artıran faktor olub. Orduda snayperçi kimi qulluq edən Osvald sui-qəsd planını bu təsadüfün köməkliyi ilə həyata keçirib. Bəzi şəxslər bu qənaətdədir ki, o “Texas School”da iş tapmasaydı, bəlkə də bu sui-qəsd gerçəkləşməyəcəkdi.
Başqa bir ilkinc məqam da var. Linkolna sui-qəsd edilməmişdən bir neçə ay qabaq maraqlı bir hadisə baş vermişdi. Linkolnin oğlu Tod qatar gözləyərkən müvazinətini itirmiş və qatarın altına düşmüşdü. Onu qatarın altından sonda Edvin Buz xilas etmişdi. Edvin Buz prezident Linkolni qətlə yetirənin qardaşı idi. Lap filmlərdə olduğu kimi…

İkinci dünya müharibəsi təsadüfən başladı
Tarix kitablarından oxumuşuq ki, Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə olub. Ancaq çox az adam bilir ki, onun ölümünə təsadüf yol açıb. Qavriola Prinsip sui-qəsddən bir neçə gün öncə Frans Ferdinandı öldürmək istəmiş, amma bu cəhd uğursuzluqla nəticələnmişdi. Qanı it qanına dönən sui-qəsdçi kefini araq içməklə düzəltmək qərarına gəlir. İçir də. Kafedən çıxanda isə gözlərinə inana bilmir. Vəliəhdin maşını kafe qarşısında imiş.
Sən demə, sürücü yolu azıbmış. Ayağına gələn topu boş qapıya göndərmək fürsətini əldən verməyən Prinsip üzərində gəzdirdiyi silahla vəliəhdi və həyat yoldaşını qətlə yetirib.

Fərqli əsrlərdə doğulmuş qızlar eyni taleni yaşadı
Fərqli əsrlərdə, amma eyni qəsəbədə yaşamış Barbara Forrest ve Mari Aşfordun ölümləri dünyada bənzəri olmayan təsadüflərdəndir. Hər iki qadın İngiltərənin Erdinqton qəsəbəsində yaşayırmış. İkisi də 20 yaşında olanda təcavüz edilərək öldürülüb. Cəsədləri eyni gündə, yəni 27 mayda tapılıb. Amma bu da son deyil. Öldükləri gün ikisi də dostları ilə görüşüb, yeni paltarlar geyib, tansa gediblər. Ən tükürpədici fakt isə budur ki, müxtəlif əsrlərdə yaşayan hər iki qadının qatilinin soyadı Zornton idi. Bu, reinkarnasiya, yoxsa təsadüfdür? Adını siz qoyun.

Qatilə aktyorun ad oxşarlığı
1980-cı ildə “Bitlz” qrupunun məşhur solisti, bəstəkar Con Lennon Nyu-Yorkda Mark Çapman adlı bir nəfər tərəfindən öldürülüb. Bu hadisədən sonra “NBC” telekanalı Con Lennon və onun həyat yoldaşı Yoko Ono haqqında sənədli film çəkmək qərarı verir. Sənədli filmdə çəkilməsi üçün təklif göndərilən tanınmamış aktyorun adı da Mark Çapman imiş. Xoşagəlməz vəziyyətlə üzləşən “NBC” rəhbərliyi Çapmanla müqaviləni pozub, başqa bir aktyorla razılığa gəldi. Ancaq Çapman Lennonu oynamaq arzusundan vaz keçmədi. 2007-ci ildə “Çapter 27” adlı sənədli filmdə Con Lennonu canlandıraraq arzusuna çatdı.

ABŞ prezidentləri eyni gündə öldülər
ABŞ prezidentləri Tomas Cefferson və Con Adamsın ölümləri oxşarlığı ilə çoxlarını dəhşətə gətirir. Cefferson və Adams əvvəl birgə mübarizə aparırdılar, daha sonra isə rəqibə çevrildilər.

Onların hər ikisi 4 iyul 1776-cı ildə İstiqlaliyyət Bəyannaməsini imza atan şəxslərdəndir.
Maraqlıdır ki, həm Cefferson, həm də Adams məhz 4 iyulda dünyasını dəyişib, İstiqlal Bəyannaməsinin imzalanmasından 50 il sonra…

Əkiz qardaşların faciəsi
2002-ci ildə finlandiyalı əkiz qardaşların başına gələnlər qəribə və tükürpədicidir.
Əkiz qardaşlar eyni gündə, amma iki saat fərqlə qatarın altına düşərək dünyasını dəyişirlər. Özü də hər ikisi velosiped sürərkən bu tale ilə üzləşib. 2 saat sonra ölən qardaşın əvvəlki faciədən xəbəri yox imiş. Bu, onun intihar etməsi ehtimalını aradan qaldırır.
Bəzən əkiz qardaşların yemək zövqləri eyni olur, eyni işdə çalışırlar, bəzi hallarda isə eyni adlı adamlarla evlənirlər. Ancaq eyni gündə, eyni şəkildə ölmək bəlkə də nadir hadisədir.

Müharibənin şifrələri...
Təqaüdçü müəllim Leonard Daves İngiltərənin “Daily Telegraph” qəzetinə hər gün krossvord hazırlayırmış. Krossvordu həll edən adamlar qəribə sözlər alındığını görürdülər. Qəribə sözlər İkinci Dünya Müharibəsində işlənmiş şifrələr imiş. Özü də generalların istifadə etdiyi şifrələr. D-Day, Utah, Omaha, Overlord, Mulberry ve Juno kimi sözlər krossvordda yer alırmış. İngilislər Davesin alman casusu olduğundan şübhələnərək onu həbs edirlər. Amma Daves bunun bir təsadüf olduğunu sübuta yetirə bilir. Etiraf edək ki, belə təsadüflər nadir hallarda baş verir.

14 il qabaq “Titanik”in batacağı yazılmışdı
1898-cı ildə Morqan Robertson “Titanın batması” romanını yazıb. Romanda “HMS Titan” adlı bir imgilis gəmisinin aysberqlə toqquşması xilasedici qayıqların az olması səbəbindən faciəvi vəziyyət yaranmasından, gəminin batmasından bəhs edilir. Romanda gəminin qəzaya uğradığı yer kimi Atlantik Okean göstərilir, gəmi ABŞ-a gedirmiş. 14 il sonra isə “Titanik” adlı gəmi aysberqlə toqquşaraq batdı və 2500 adam həlak oldu. Baş verənlər 14 il öncə yazılmış romanda qələmə alınmış hadisələrin demək olar ki, təkrarı idi.
 

Ən acgöz avtomobillər
www.avtomobil.az tarih 23.07.2013, 10:23 (UTC)
 İndiyədək dövlət orqanları yürüş avtomobillərinin mühərriklərinin həcminə məhdudiyyətlər tətbiq edir və benzinin qiymətini qaldırırdılarsa, indi yanacaq israfçılığı ilə mübarizə metodları daha rəngarəng olub (məsələn, Avropada hibrid avtomobillərin alınmasını həvəsləndirən proqram mövcuddur). Bununla belə, hələ də elə avtomobillər var ki, onlar üçün yanacağa qənaət anlayışı yoxdur. Beləliklə, gəlin müasir dövrün ən çox yanacaq istehlak edən avtomobillərinə nəzər salaq.
Ofrouderlərin etalonu sayılan və bütün dünyada böyük populyarlığa malik olan Mercedes-Benz G-Wagen hər 100 km məsafəyə orta hesabla 17 litr yanacaq sərf edir. Yeri gəlmişkən, Amerika mütəxəssislərinin hesablamalarına görə, belə iştahası olan avtomobilin sahibi yanacaqdoldurma məntəqələrində ildə 3.700 dollar pul xərcləməli olur.
Amerikan pikapı Ford F150-nin iştahası bundan bir qədər artıqdır: hər 100 km məsafəyə 18,9 litr.
Sən demə, eleqant Aston Martin DBS modeli də xeyli yanacaq işlədir. Bu ingilis kübar modeli hər dəfə qarışıq rejimdə 100 km məsafə qət etdikdə 19 litr benzinin axırına çıxır.
İtalyan avtomobilləri istehsalçısı Lamborghini-nin məlumatlarına əsasən, Aventador modelinin yanacaq sərfiyyatı göstəricisi də elə bu cürdür. Doğrudur, praktikaya inansaq, bəzən bu avtomobilin real yanacaq sərfiyyatı 30 litri də ötür.
Qarışıq hərəkət rejimində Bentley Continental GT modelinin elan edilən yanacaq sərfiyyatı 100 km məsafəyə 22,6 litr təşkil edir. Azure və Brooklands modellərində isə bu göstərici daha yüksəkdir: 100 km məsafəyə 26 litr. Onu da qeyd edək ki, bu yalnız orta rəqəmdir.
Əgər alıcı Maybach Landaulet avtomobilini alarkən 1.200.000 dollarını sərf edibsə, deməli, yanacağa qənaət bu imkanlı alıcı üçün o qədər də önəmli deyil. Amma hər halda qeyd edək ki, bu avtomobilin də yanacaq sərfiyyatı göstəricisi kifayət qədər yüksəkdir: 100 km məsafəyə 18 litrdən 29 litrədək.
Nəhayət, siyahının lideri Bugatti Veyron Super Sport-un göstəricilərinə nəzər salaq. Bu, təkcə seriya ilə istehsal olunan ən bahalı və sürətli avtomobil deyil, həm də ən çox yanacaq işlədən avtomobildir. Veyron trasda hər 100 kilometrə 24,6 litr yanacaq işlətdiyi halda, şəhər şəraitində bu göstərici 100 kilometrə 31,5 litr təşkil edir.
 

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri
www.tqdk.gov.az tarih 23.07.2013, 10:22 (UTC)
 III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.

10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışlar. 4 nəfər maksimal nəticə - 700 bal toplamışdır.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.
 

"İsrailə qarşı müharibə aparanların hamısı sıradan çıxdı"
«Bizim Yol» qəzeti tarih 05.07.2013, 20:16 (UTC)
 Politoloq Vəfa Quluzadə: «Mursi hökumətinin yıxılması vaxtı indi idi, sonra gec olacaqdı»

«Dünyanın ən nüfuzlu informasiya vasitələri Mursi hakimiyyətinə qarşı təbliğat aparıb»

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluza Misirdə baş verən hərbi qiyamın arxasında duran məqamları şərh edib. 70-ci illərdə hərbi-siyasi olayların qızğın vaxtında bu ölkədə sovet diplomatları ilə birgə çalışmış politoloq əvvəlcə Misirin yaxın tarixinə nəzər salır və hadisələri ardıcıllıqla təhlili edir. Vəfa Quluzadə ilə geniş müsahibəni təqdim edirik.


- Vəfa müəllim, Misirdə bir il əvvəl xalqın seçdiyi Mursini ordu devirdi. Dünyanın müzakirə etdiyi bu hadisəni necə şərh edərdiniz?

- Əvvəla, indiki hadisələrin mahiyyətini anlamaq üçün Misirin müasir tarixini bilmək lazımdır. Həqiqətən də Misirdə əsgəri çevriliş oldu və qanuni şəkildə seçilmiş prezident ordu tərəfindən devrildi. Amma bunu anlamaq üçün biz son illərdə Misirdə nələrin baş verdiyini bilməliyik. Birinci, Misirin ABŞ üçün önəmli dövlət olduğunu bilməliyik, Misir Vaşinqton-Moskva arasında bir mübarizə meydanı olub. Hətta bu mübarizə əsgəri səviyyədə də gedirdi. Məsələn, 1967-ci ildə İsrail Camal Əbdül Nasiri darmadağın etdi, yəni Amerika silahı sovet silahına üstün gəldi. Amma SSRİ Yaxın Şərq uğrunda mübarizə apardığına görə Camal Əbdül Nasirin hakimiyyətdən getməsinə imkan vermədi, onu dəstəklədi və hərbi ləvazimatla təmin etdi. Lakin Camal Əbdül Nasir 1970-ci ildə vəfat etdi və onu Ənvər Sadat əvəz etdi.

- Onu da qətl etdilər...

- Bəli, hərbi parad zamanı Sadatı aradan götürdülər. Görün, Misir nə qədər əhəmiyyətli ölkədir. Ənvər Sadat hakimiyyətə gələndən sonra SSRİ və ABŞ-la oyuna başladı. Sadat başa düşürdü ki, SSRİ onun İsrailə qələbə qazanmasına imkan verməyəcək, çünki Moskva Vaşinqtonla nüvə müharibəsində toqquşmaq istəmirdi, amma müharibə gedirdi. Düzdür, 1970-ci il müharibəsində Sadat birinci mərhələdə böyük uğur qazandı, Süveyş kanalını keçdi, İsrailin Barviv xəttini tutdu, israillər bayram etdiyindən bu hücum onlar üçün gözlənilməz oldu. Ancaq bundan sonra İsrail ABŞ-la birgə Misir ordusunu mühasirəyə götürdü, təsəvvür edirsinizmi, 100 mindən çox əsgəri. Həmin vaxt Amerika İsrailə hava vasitəsilə hər cür hərbi sursat yetirirdi. SSRİ Sadata dəstək versə də, sonradan geri çəkildi.
- Nə üçün?

- SSRİ rəhbərliyi bölgənin Amerika üçün o qədər önəmli olduğunu başa düşdüyündən nüvə zərbəsinə hədəf olmasını istəmirdi. O zaman yüksək səviyyəli sovet rəsmiləri mənə deyirdilər ki, ABŞ-ın onlardan güclü olması məlumdur, söhbət 1973-cü ildən gedir, mən həmin hadisələrin yaxın iştirakçısı olmuşam. O illərdə SSRİ-dən “hava körpüsü” vasitəsilə Misirə gələn silahlara bir tərəfdən mən də nəzarət edirdim, olayların detallarını bilirəm. Sovet ittifaqı geri çəkiləndən sonra özümün də iştirak etdiyim Cenevrə konfrans oldu, tədbirdə Sadat tamamilə ABŞ-nin tərəfinə keçdi. SSRİ faktiki olaraq təkləndi, nəticə etibarıyla Cenevrə konfransından sonra ABŞ-ın rəhbərliyi altında Misirlə İsrail arasında sülh imzalandı. Bu sülh bütün ərəb aləmində qəzəblə qarşılandı.

- Deməli, Misir təslim oldu?
- Bəli. Misirin separat sülh bağlamaq imkanı yox idi. İsrailin əleyhinə onunla bərabər Suriya, İordaniya, Əlcəzair, Yəmən, Liviya, Fələstin hərəkatı, yəni bütün ərəb ölkələrinin koalisiyası mübarizə aparırdı. Ancaq Misir gözlənilmədən İsraillə sülh müqaviləsini imzaladı. Müqaviləyə əsasən İsrail Sinay yarımasından geri çəkildi, əlaqələr düzəldi. Ancaq nəyin bahasına, birincisi ərəb ölkələri müqaviləni tanımaq istəmirdi, çünki müqaviləylə Sinay yarımadası demilitasiya olurdu və İsrailin istədiyini həyata keçirdi. Qərb Mursidən ona görə narahat idi ki, o, hakimiyyətə gələndən sonra həmin müqavilələrə yenidən baxa bilərdi. O zaman Sadat sülh müqavilələri imzalayandan sonra bütün ərəb ölkələri Misirlə diplomatik əlaqələrini kəsdilər, ölkə təkləndi.

- Bununla da Sadatı hərbi paradda öldürdülər, bu, necə təsadüf idimi?

- Bu məsələyə gəlirəm, Sadat 70-ci il müharibəsini ölkəsində qələbə şəklində təbliğ edirdi, ancaq əslində qələbə yox, məğlubiyyət idi. Baxın, ABŞ-ın yaxın dostu Sadat ərəb aləmində ikrah doğuran şəxsiyyətə çevrildi, hamı ona nifrət edirdi. Çünki o, müttəfiqlərini satmışdı, İsraillə sülh bağlamaq bir yol olardı, yəni Suriya və başqa ölkələrlə birgə. Amma Sadat onlara xəyanət etdi. Faktiki olaraq hərbi parad zamanı “Müsəlman qardaşları” ondan qisas almaq üçün atəş açıb prezidenti öldürdülər. Bu qətldə müxtəlif versiyalar da var, birinci ehtimala görə, ABŞ Sadatın ərəb aləmində ikrah doğuran şəxsiyyət olduğunu gördükdə onun Vaşinqtona xeyir gətirmədiyi qənaətinə gəldi, başqa adam lazım idi. Ki, ərəb ölkələriylə əlaqələr bərpa olunsun. Çünki Misir ən böyük ərəb ölkəsiydi və ABŞ yönümlü dövlətə çevrilib. Belə bir rəvayət var ki, Misir ordusuna nəzarət edən MKİ “Müsəlman qardaşları”nın Ənvər Sadatı qətl etməsinə “göz yumublar”. Belə bir versiya da var ki, Sadat tribunaya açılan atəşdən ölməyib, ona uzaqdan snayperlə atəş açıblar. Amma snayper gülləsini kimin atmasını heç kəs dəqiq bilmir.

- Nəzərə alaq ki, həmin parad zamanı Mübarək də Sadatın yanında olub və yaralanmışdı...

- Bəli, düzdür. Ondan sonra Mübarək hakimiyyətə gələndə ABŞ-ın məqsədləri həyata keçdi. Ərəb ölkələri tədricən Misirlə bütün əlaqələri bərpa etdilər və bununla Qahirə ərəb ölkələrinə ABŞ yönlü təsir etməyə başladı. Bax, Misir Vaşinqton üçün belə önəmli dövlətdir və bu ölkənin əhalisinin 85 milyon olduğunu nəzərə alın. Özü də Misir İsrailin lap sərhədindədir. Mən bir məqamı bildirmək istərdim, “Ərəb baharı” olan ölkələrin hamısı İsrailin əleyhinə müharibə aparıblar və bir-bir sıradan çıxdılar. Birinci anti-Amerikan, anti-İsrail dövlət olan İraq sıradan çıxdı. Ondan sonra Liviya və Tunis sıradan çıxdılar.

- İndi də Suriya sıradan çıxır...
- Suriyanı unudun, bir dövlət, ölkə kimi artıq darmadağın olub. Mən Misir üçün çox narahat idim, nəyə görə? Sözsüz ki, Mübarəkin diktaturasından sonra Məhəmməd Mursi qanuni yola seçilmiş prezidentdir. Ölkənin üçdə ikisi ona səs verib, amma üçdə biri əleyhinə olub. İkinci, Mursi hakimiyyətə gələndən sonra xarici qüvvələr ona işləməyə imkan verməyiblər. ABŞ dünyanın istənilən ölkəsinin maliyyəsinə və iqtisadiyyatına təsir etmək gücündədir. Bu mənada hesab edirəm ki, ABŞ Misir uğrunda mübarizə aparıb və qalib gəlib. Çünki Məhəmməd Mursi 1 il ərzində heç bir şey edə bilməzdi, üstəlik də ona maneçilik törədən qüvvələr olduğu yerdə. Əgər Məhəmməd Mursiyə hakimiyyətdə 3 il qalmağa imkan versəydilər, o, ordu və polisdə islahat aparıb öz qüvvələrini gətirərdi. Ona görə onu yıxmağın vaxtı indiydi. Axı ordu Mübarək, yəni Amerikan yönümlüdür, bu ordu Vaşinqtondan 3 milyard alıb yaşayan ordudur. Bütün silahı və təchizatı ABŞ-dan gəlirsə, Vaşinqtonsuz yaşaya bilməzlər. Polis də həmin Hüsnü Mübarəkin polisidir. Bu mənada onlar Mursinin bir ildə nəyəsə nail olmağa, qiymətləri endirməyə, iqtisadiyyatı normal hala salmağa imkan verməzdilər və bunu etmək də mümkün deyil. Əgər bu günlərdə vəziyyət dəyişməsəydi Məhəmməd Mursi və “Müsəlman qardaşları” daha da güclənəcəkdilər.

- Sosial şəbəkələrdə Misir hadisələrini, konkret olaraq Mursi hakimiyyətini Elçibəy hakimiyyətiylə müqayisə edib oxşarlıqlar ortalığa qoyurlar. Bu barədə olan fikirləri bölüşürsünüzmü?

- Dəqiq paralellər ola bilməz, çünki Məhəmməd Mursinin təşkilatı “Müsəlman qardaşları” ötən əsrin 20-ci illərindən fəaliyyət göstərir. Olduqca güclü təşkilat olan “Müsəlman qardaşları” Misir cəmiyyətinin hər güşəsində var, bu qurum uzun müddət konspriologiya qaydalarını öyrənib, Azərbaycanda belə təşkilat olmayıb. Bunu ABŞ və İsrail yaxşı bilir. İkinci, 1993-cü ilin martında ABŞ dövlət katibinin müavini Tolbat Strout bir neçə saatlığa Bakıya gəlmişdi, onun prezident Elçibəylə görüşündə mən də iştirak etmişəm. Cənab Strout Elçibəyə Gəncədə qiyam hazırlandığını və bundan xəbərimiz olub-olmadığını sual etdi. Əbülfəz bəy qiyam hazırlığından xəbərdar olduğunu söyləsə də, qarşısını ala bilmədi.

- Sizcə, hərbçilər “Müsəlman qardaşları”nı sıradan çıxarda biləcəkmi?

- Xeyr, Misirdə böyük mübarizələr hələ qabaqdadır. Son bir gündə ordu hər yerə tank göndərdi, bütün dini, prezident televiziyalarını qapatdı. Üstəlik bilmək lazımdır ki, Mursi hakimiyyətə gəlsə də, telekanallar Mübarəkin təsirindəydi, “Müsəlman qardaşları” kanalları qapaya bilməmişdi. Mən Bakıda oturub onların televiziyalarına baxıb təəccüblənirdim ki, bu, Mursi hakimiyyətinin kanalı deyil, müxalifət televiziyalarıdır. Nəhayət, dünyanın ən nüfuzlu informasiya vasitələri Misirdə Mursi hakimiyyətinə qarşı nə baş verirdisə, bu barədə xəbərləri qabardırdılar. Beləliklə, uzun müddət CNN-də BBC-də və başqa kanallarda anti-Mursi təbliğatı aparılıb.

- O zaman Mursi demokratik prezident olub ki...?

- Bəli, o, xalq tərəfindən seçilən qanuni prezident olduğundan ordu onu yıxdı. Ordu proseslərə müdaxilə etməsəydi, onu devirə bilməzdilər. Sözsüz ki, “Müsəlman qardaşları” təşkilatı əsgəri çevrilişin əleyhinə böyük mübarizə aparacaqlar. Bu baxımdan Misirdə vətəndaş müharibəsinin başlanmasından çox narahatam.

- Vətəndaş müharibəsi təhlükəsi realdırmı?

- Bəli, realdır. Çünki Mursi özünün saytında xalqa müraciət edib ki, əsgəri çevrilişi tanımayın, mübarizə aparın.

- Son xəbərlərə görə Mursi və ətrafı həbs olunub...

- Təşkilat ki, yaşayır. Bu təşkilat çox güclü və daha çox gizli fəaliyyət göstərib. Bəli, onların əleyhinə son bir ildə təbliğat aparılıb, həm də Sadat və Mübarək dövründə “Müsəlman qardaşları” təqib olunduğundan təzyiqlərə öyrəşiblər. Ona görə onlar fəaliyyətlərini davam etdirəcəklər. Hazırda ABŞ Məhəmməd Əl-Baradeyi və yaxud Əmir Musanı hakimiyyətə gətirmək istəyir, hər ikisi Vaşinqtonyönlü siyasətçilərdir.

- Bəs ABŞ onları hakimiyyətə gətirməyə nail olacaqmı?

- Müvəqqəti nail olacaq. Hazırda Konstitusiya Məhkəməsinin sədri müvəqqəti prezidentdir, 1 ildən sonra seçki keçiriləcək. Seçki hərbi çevriliş şəraitində olacağından istənilən adamı təyin edəcəklər. Amma Misirdə sabitliyi olacağını zaman göstərəcək.

- Son hadisələr Misirin ötən əsrin 60-80-ci illər Türkiyəsini xatırlatmırmı?

- Elədir. Mən TRT-Türk kanalını izləyirdim. Bu kanal dünya KİV-lərindən yeganə hadisələri düzgün əks etdirən kanal olub. TRT-Türk açıq surətdə məlumat yaydı ki, Misir hadisələri hərbi çevirilişdir. Bundan əlavə başqa televiziyaları tənqid edirdilər ki, onlar Taksim meydanını versələr də, Mursinin tərəfdarlarının toplaşdığı meydanı efirə vermirdilər. Doğrudan da, bütün dünya KİV-ləri Mursinin əleyhinə işləyib, türk kanalı Taksim meydanında olanları Təhrir meydanıyla müqayisə edib, eyni şeydir. Sadəcə, Ərdoğan güclü çıxdı. Halbuki, Ərdoğan hakimiyyətdən getməliydi, amma devirə bilmədiklərindən məsələni gələcəyə saxladılar.

- O zaman “ərəb baharı”nın sona çatmadığını və davam etdiyini söyləmək olarmı?

- Bu, “ərəb baharı” deyil, dünyada yeni düzən məsələsidir.

- Yeni düzəni hansı güclər aparır?

- Düzən belədir ki, bütün Yaxın Şərq regionunda hakim ABŞ-dır və onun yeganə güvəndiyi dövlət İsraildir.

- Bəs Türkiyə?
- Xeyr, Türkiyə o sıraya daxil deyil. Əgər onlar Ərdoğanı devirib onun yerinə istədikləri adamı gətirsələr və Türkiyədə islamçılığa son qoysalar, Ankaranın rolu barədə danışmaq olar. Əvvəllər dəfələrlə demişəm, SSRİ çökəndən sonra Türkiyənin regionda rolu tamamilə dəyişib. Sovet dövrü zamanı Türkiyə NATO-nun üzvü olub və Vaşinqton qardaş ölkənin ordusuna böyük diqqət yetirib. Amma SSRİ çökəndən sonra ABŞ-ın NATO ölkəsi kimi Türkiyəyə böyük ehtiyacı yoxdur. Bəli, Türkiyə ABŞ-nin dediyi qaydalarla oynasa özünü salamat saxlaya bilər. Lakin Ərdoğan müstəqil siyasət aparıb regionda böyük gücə çevrilmək istəyir, o yerdəki Vaşinqtonla əməkdaşlıq mümkündür əməkdaşlıq edir. İsrail isə ABŞ-nin regionda forpostudur, Təl-Əvivlə əlaqəni korlayanda Ankara Vaşinqtonun qəzəbinə gəlir, bunu bilmək lazımdır.

- Yaxın Şərqin yeni düzənində Rusiyanın rolu hardadır?

- Rusiya KİV-lərini izləyərək o qənaətə gəldim ki, Moskva tamamilə Vaşinqtona tabe şəkildə hərəkət edir. Məsələn, Rusiya KİV-ləri Misir hadisələrini çevriliş kimi qələmə verməkdən çəkinirdi, ümumiyyətlə, ABŞ-dan çəkinən ölkələr olayları çevriliş olaraq dəyərləndirmirlər. Baxın, Rusiya MKİ agenti Edvardo Snoudenə siyasi sığınacaq vermək imkanında deyil, çünki Amerikanın qəzəbindən çəkinir. Səbəb də odur ki, Rusiya artıq ABŞ-a rəqib deyil. Baş nazirin birinci müavini Roqozin bu günlərdə bəyanat verdi ki, ABŞ bir zərbəylə ölkəsinin nüvə potensialını darmadağın edə bilər. Bilməliyik ki, Amerika bu gün dünyada aparıcı və qüdrətli dövlətidir və özünün istədiyi qayda-qanunu bərqərar etmək istəyir.

- Hazırki qarışıq dünyada Azərbaycan normal, güclü dövlətə çevrilə biləcəkmi?

- Hesab edirəm ki, Azərbaycan özünü normal dövlətə çevirmək üçün hər şey edəcək. Ona görə ki, Azərbaycan balaca ölkə olduğundan Amerika üçün təhlükə törətməyəcək. Bəli, coğrafi vəziyyətimizə görə ABŞ üçün böyük önəm daşıyırıq, bu mənada Vaşinqton demokratik cəmiyyətin yaradılmasına kömək edəcək. ABŞ-ın Azərbaycana qarşı mövqeyi budur, başqa bir şey deyil.
 

İran-İraq müharibəsi
Vikipediya, açıq ensiklopediya tarih 31.03.2013, 12:33 (UTC)
 İran-İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) - İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir.
Müharibə 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlayır. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.

Müharibənin səbəbləri

İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir.
1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi. İran isə sərhəddin talveq xətti, yəni çay yatağının orta xətti boyunca çəkilməsinin tərəfdarı idi.
Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Ərəb-fars etnik konflikti;
Ərazi mübahisəsi - İraqın İrana qarşı ərazi iddiaları (Xuzistan əyalətini ələ keçirmək planları, Şəttül-Ərəb çayının bölünməsi problemi, İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı İranın etirazları);
Siyasi görüşlərdə müxtəliflik;
Sünni-şiə qarşıdurması;
Dünya bazarında neft ixracı uğrunda rəqabət;
İki dövlət rəhbərlərinin şəxsi ambisiyaları.

Müharibənin başlanması
17 sentyabr 1980-ci ildə Səddam Hüseyn formal olaraq 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək Şəttül-Ərəb çayının şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. 22 sentyabr 1980-ci ildə İraq ordusu İran ərazisinə geniş miqyaslı hərbi müdaxiləyə başlayır. Müharibənin başlanmasına bəhanə rolunu həmin ilin aprelində İraqın cənubunda Xarici İşlər naziri Tariq Əzizə qarşı həyata keçirilmiş sui-qəsd cəhdində İran agentlərinin ittiham edilməsi oynadı.
Müharibənin ümumi qəbul olunmuş başlanma tarixi 22 sentyabr 1980-ci ildə İraq ordusunun Şəttül-Ərəb çayını keçərək İranın Xuzistan ostanına soxulması hesab edilsə də, İraqın özündə bu müharibənin 4 sentyabrda İran-İraq sərhədindəki silahlı qarşıdurma nəticəsində başlaması fikri hökm sürür.
1980-ci il sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası 479 saylı "İran və İraq arasındakı münasibətlərin mövcud vəziyyəti" adlı qətnamə qəbul edir. Qətnamədə münaqişə tərəflərindən hərbi əməliyyatların dayandırılması və münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi, eyni zamanda digər dövlətlərin konfliktin genişlənməsi və gələcək eskalasiyasına səbəb ola biləcək hərəkətlərdən çəkinməsi tələb edilirdi.
1980-ci ilin noyabrında İraq Xarici İşlər Nazirliyi memorandum dərc edir. Bu memorandumda İran hərbi obyektlərinə zərbələr endirilməsinin səbəbləri öz əksini tapmışdı. İraq 1975-ci il müqaviləsinin İran tərəfindən pozulduğunu elan edir və İranı 1979-cu ilin fevralından 1980-ci ilin iyuluna kimi İraqın quru və dəniz sərhədlərini 224 dəfə pozmaqda ittiham edir. Memorandumda İraqın hərbi əməliyyatları dayandırması və tərəflərin danışıqlar stolu arxasında razılığa gəlməsinin şərtləri də əks olunmuşdu.
Müharibənin başlamasından bir həftə sonra İraq ordusu irəliləyişini dayandırdı və Səddam Hüseyn İrana sülh danışıqlarına başlamağı təklif etdi. Lakin rəsmi Tehran atəşkəsə razı olmadı.
İlk dövrdə müdaxilənin gözlənilməzliyi və İraq ordusunun say üstünlüyü hesabına iraqlılar İran ərazisinin 20 000 km²-lik hissəsini ələ keçirdilər. Hücum əməliyyatlarının həyata keçirildiyi Xuzistan ostanında İraq ordusunun 5 diviziyasına qarşı İranın yalnız 1 diviziyası döyüşürdü. İraq rəhbərliyi müharibəyə başlayarkən qısamüddətli hərbi kampaniyaya ümid bəsləyirdi. Belə ki, 2 həftə ərzində Xuzistanın bütün böyük şəhərləri üzərində nəzarətin təmin olunması planlaşdırılırdı. Ostanın ərəb əhalisinin iraqlıları dəstəkləyəcəyi və zəngin neft yataqlarının ələ keçirilməsinin İrandakı daxili vəziyyəti gərginləşdirəcəyi güman olunurdu. Lakin bu ehtimallar özünü doğrultmadı.
İran ordusu 1979-cu il İslam inqilabından sonrakı dəyişikliklər səbəbindən xeyli zəifləmişdi. İslam İnqilabı Keşikçiləri Korpusu isə hələ ki, çox da güclü deyildi və üzvlərinin sayı az idi. ABŞ-la əlaqələrin kəsilməsi isə əsasən Amerika istehsalı olan silahlarla silahlanmış İran ordusunda ehtiyat hissələrin çatışmamasına səbəb olmuşdu ki, bu da onun hərbi imkanlarını məhdudlaşdırırdı. Lakin iraqlıların qətiyyətsizliyi İranın tezliklə ümumi səfərbərlik elan edərək cəbhə bölgəsinə çox sayda canlı qüvvə və texnika toplamasına imkan verdi. Üstəlik, İraq ordusu gözləmədiyi müqavimətlə üzləşdi. İki ölkənin sərhəddində yerləşən Xürrəmşəhrin ələ keçirilməsi əməliyyatı bir ay vaxt apardı və iraqlılar üçün böyük itkilər hesabına başa gəldi. Şəhəri yalnız oktyabrın sonunda ələ keçirmək mümkün oldu ki, bu da İraq ordusunun müharibənin əvvəlindəki yeganə əhəmiyyətli qələbəsi idi. Qonşu Abadan şəhərini ələ keçirmək mümkün olmadı, belə ki, onun blokadasına yalnız oktyabrın ortalarında başlandı, lakin şəhərin tam mühasirəyə alınmasınadək iranlılar uzunmüddətli müdafiəni təmin etmək üçün bura kifayət qədər qüvvə yönəldə bildilər.
İraq zabitlərinin düzgün qərarlar qəbul etməməsi və rəqibi qiymətləndirməməsi, genişmiqyaslı hərbi əməliyyatlar keçirmək təcrübəsinin olmaması tezliklə İraq ordusunun təşəbbüsü əldən verməsinə və ilk dövrdəki uğurları davam etdirə bilməməsinə səbəb oldu. Oktyabrın sonları və noyabrda İraq ordusu Dəsful və Əhvaz istiqamətində irəliləməyə çalışsa da, bu cəhdlər uğursuz oldu. Dekabr ayında yağışlar mövsümünün başlanması və hərəkətin çətinləşməsi ilə S.Hüseyn İraq qoşunlarının müdafiə mövqeyinə keçdiyini elan etdi. Müharibənin başlanmasından keçən dövrdə İraq ordusu Xürrəmşəhr, Qəsri-Şirin, Neftşah, Mehran və Bostan şəhərlərini ələ keçirmiş, Abadanı mühasirəyə almışdı.

İranın təşəbbüsə yiyələnməsi
İran prezidenti və ali baş komandan Əbülhəsən Bənisədr rəqibin müdafiəyə keçməsindən istifadə edərək 1981-ci ilin yanvarında müharibənin başlanmasından bəri ilk dəfə olaraq əks-hücuma keçmək əmri verdi. Lakin bu əməliyyat tam uğursuzluqla bitdi. Belə ki, əsas vəzifəsi Abadanın mühasirəsini aradan qaldırmaq olan hücumda 16-cı tank diviziyası özünün 3 briqadasından 2-ni tamamilə itirdi. Yalnız hücumun bəzi istiqamətlərində kiçik uğurlar əldə etmək mümkün oldu. İranın əks-hücumunun uğursuzluğu İraq komandanlığında elə bir təəssürat yaratdı ki, iranlılar yaxşı möhkəmləndirilmiş müdafiə xəttini yara bilməzlər. Mart ayında Susəngərd üzərinə həyata keçirilən və uğursuz olan hücumdan sonra İraq ordusu ilin sonunadək heç bir hücum əməliyyatı həyata keçirmədi. Çünki, İraq rəhbərliyi İrandakı rejimin tezliklə devriləcəyinə ümid edirdi. Bunun üçün əsasları da var idi. Belə ki, İran ordusunun uğursuz yanvar əməliyyatı ölkə daxilindəki siyasi çəkişmələri kəskinləşdirmişdi. İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİMK) arasındakı daimi rəqabət isə İran hərbi qüvvələrinin əsas probleminə çevrilmişdi. İslamçılar ordunun zabit heyətinin şah rejiminə tərəfdar olmasından şübhələnirdilər və buna görə də ordunun hərbi əməliyyatlardakı rolunu aşağı salmağa çalışırdılar. Yanvar məğlubiyyəti prezident Ə.Bənisədrin mövqelərini və orduya olan etibarı sarsıtdı. İyun ayında Bənisədr hakimiyyətdən uzaqlaşdırıldı və ölkəni tərk etdi. Hazırda terrorçu təşkilat olaraq qəbul edilən İran Xalq Mücahidləri Təşkilatı islamçıların rolunun artmasına etiraz olaraq İran ərazisində terror aksiyaları keçirməyə başladı. Onların əsas uğurları isə ölkənin yeni prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bəhonərin öldürülməsi oldu.
Sentyabrın əvvəllərində İran ordusu Abadanın mühasirəsinin aradan qaldırılması istiqamətində irimiqyaslı əməliyyat keçirdi. İranlılar İraq ordusunu yanıltmaq üçün hücumun Bəsrəni ələ keçiməyə yönəldiyi təəssüratını yaratmışdılar. Abadanı şərqdən mühasirədə saxlayan İraq qoşunları ilə döyüş sentyabrın 26-dan 29-dək davam etdi və uğurla nəticələndi. Bu İranın müharibə dövründəki ilk böyük uğuru oldu. Bu uğur ordu və İİMK-nın birgə fəaliyyəti nəticəsində mümkün olmuşdu. Lakin əməliyyatın həyata keçirilməsinə rəhbərlik edən demək olar ki, bütün komandirlər, cəmi 80 nəfər yüksək rütbəli zabit, o cümlədən İranın Müdafiə naziri briqada generalı Seyid Musa Nəmju Tehrana uçarkən təyyarə qəzasında həlak oldular.
1982-ci ilin martından İran yenidən hücum əməliyyatları həyata keçirir, may ayında Xürrəmşəhr azad edilir. Hərbi əməliyyatlar meydanı İraq ərazisinə keçmiş olur, ancaq yenidən mövqe müharibəsi başlanır. 1982-ci ilin iyununda Səddam Hüseyn sülh danışıqlarına başlamaq istədiyini bildirsə də, İran hakimiyyəti buna razı olmur. Belə olan təqdirdə Səddam ABŞ-dan və digər müttəfiqlərindən əlavə silah, hərbi texnika və kimyəvi silahlar alır.
[redaktə]"Canlı dalğalar"
1981-ci ilin dekabrında İran ordusu cəbhənin mərkəzi hissəsində 2 hücum əməliyyatı keçirir. Bostan şəhərini azad etmək üçün aparılan əməliyyatda ilk dəfə olaraq "canlı dalğalar"dan istifadə olunur. İran ordusu bu "dalğa"lardan zirehli texnikanın, xüsusilə aviasiya qüvvələrinin çatışmadığı yerlərdə istifadə edirdi. Onun əsas vəzifəsi düşmən cəbhəsində qarışıqlıq yaratmaq idi. 1982-ci ilin ortalarından 1987-ci ilə qədər İran çoxsaylı hücumlar vasitəsilə İraqın əsas dəniz limanı olan Bəsrəni ələ keçirməyə çalışır. İraq ordusu hücum edən "canlı dalğaları" (könüllü silahlılardan təşkil edilirdi) məhv etmək məqsədi ilə gücləndirilmiş müdafiə xətti yaradır. İran tərəfinə İraqın müdafiə xəttini tam yarmaq nəsib olmur.
[redaktə]Tanker müharibəsi
1984-cü ilin sonunda başlayan "tanker müharibəsi" zamanı İran və İraqın Fars körfəzində üçüncü dövlətlərin neft tankerlərinə də zərbə vurmaları bu müharibənin beynəlxalq konfliktə çevrilməsinə səbəb olur. Hörmüz boğazına daxil olan bütün tankerlərə hücum əməliyyatına başlanır. İran Fars körfəzində yerləşən ərəb dövlətlərinin neft tankerlərinə zərbə vurmaqla dünyada yeni neft böhranı yaratmağa çalışır. Eyni zamanda mühasirədə saxladığı Fao yarımadasından Küveytə raket zərbələri endirir. 17 may 1987-ci ildə İraq hərbi təyyarəsi ABŞ HDQ-yə məxsus "Stark" freqatına hücum edərək 37 nəfərin ölümünə və 21 nəfərin yaralanmasına səbəb olur. "Tanker müharibəsi" vuruşan tərəflərin maddi ehtiyatlarının tükənməsi ilə nəticələnir. Londonun "Lloyd" sığorta şirkətinin verdiyi məlumata görə hər iki tərəfdən 500 gəmiyə hücum edilmiş, onlardan 160-ı tam məhv edilmişdi. Tehran, Bağdad və körfəzdə marağı olan dövlətlər atəşkəs elan olunması və sülh imzalanmasının vacibliyini anlayırlar.
İran ən böyük uğurunu 1986-cı ilin fevralında əldə edir. Fao yarımadasını müzasirəyə almaqla İraqın Fars körfəzi ilə əlaqəsini kəsir.

Sülh axtarışları
1984-cü ilin aprelində Səddam bitərəf ərazidə Ayətullah Xomeyni ilə sülh danışıqlarına başlamağı təklif etsə də, onun təklifi qəbul edilmədi.
1986-cı ilin payızında tərəflər arasında yaranmış pat vəziyyətindən istifadə etməyə çalışan İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa təklif edir:
Səddam Hüseynin hakimiyyətdən getməsi;
Bəəs partiyasının siyasi arenadan uzaqlaşması;
İsrailə qarşı müharibədə İraqın iştirak etməsi;
Bağdadda İranı razı salacaq hakimiyyətin qurulması.
1986-cı ilin noyabrında Səddam Hüseyn İran hökümətinə açıq müraciətnamə göndərərək aşağıdakı təklifləri irəli sürür:
Tərəflərin tam şəkildə və şərtsiz olaraq beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərə doğru geri çəkilməsi;
Bütün hərbi əsirlərin qaytarılması;
Hər iki tərəf arasında sülh və hücum etməmək haqqında müqavilə imzalanması;
Tərəflərin bir-birinin işinə qarışmaması;
Fars körfəzi regionunda İran və İraqın təhlükəsiz və sabit yaşayışının təmin olunması.
Lakin, hər iki tərəf bir-birinin təkliflərini qəbul etmir.

Kimyəvi silah
İraqla müqayisədə İran kimyəvi silahların əldə edilməsində az maraqlı idi. ABŞ kəşfiyyatının verdiyi məlumatlara görə İran öz silahlarından həm məhdud çərçivədə istifadə edir, həm də düşmənlərdən ələ keçirdiyi silahları işlədirdi. İraq əvvəlcə iprit qazından, sonra isə daha mükəmməl sinir-iflicedici qazlardan istifadə edir. İraq kimyəvi hücumlarını İran hərbçilərinə qarşı işlətməklə yanaşı, kürdlərin yaşadığı şəhərləri və yaşayış məskənlərini də bu hücuma məruz qoyurdu. 1988-ci ilin iyulunda İraq təyyarələri İranda yerləşən və kürdlərin məskunlaşdığı Zərdan kəndinə sianid bombaları atdılar. Bundan 4 ay əvvəl Səddam Hüseynin əmrilə İraqın şimalındakı üsyançı kürd qruplaşmalarını ləğv etmək bəhanəsilə, əsasən kürdlərin məskunlaşdığı Hələbcə şəhərinə edilmiş bənzər hücum nəticəsində 5000-ə yaxın insan həlak olmuşdu.
[redaktə]Şəhərlər müharibəsi
1986-1987-ci illərdə İran böyük insan itkiləri hesabına Bəsrə yaxınlığındakı Fao yarımadasını və İraq ərazisinin müəyyən bir hissəsini mühasirəyə alır. Bu zaman "şəhərlər müharibəsi" və "tanker müharibəsi" yenidən qızışır. "Şəhərlər müharibəsi" strategiyasına - hava hücumları vasitəsilə böyük şəhərlərin və yaşayış məskənlərinin vurulması daxil idi. İran hökuməti müharibənin bu mərhələsində hərblə yanaşı siyasi-strateji məqsədlər də güdürdü. İran ələ keçirmiş olduğu əraziləri əlində saxlamaq və bununla da İraqla danışıqlarda öz mövqeyini diktə etmək fikrində idi.
1987-ci ildə ABŞ və bəzi NATO ölkələrinin hərbi-dəniz donanması tankerlərin ixrac edilməsi əməliyyatına başlayır. Amerikan və İran gəmiləri və təyyarələri arasında da bir sıra silahlı toqquşmalar baş verir. İranın beynəlxalq təcrid olunması faktorundan istifadə edən İraq iqtisadiyyatını müharibə yolunda səfərbər edərək 1988-ci ilin yaz-yayında öz ərazisini İran qoşunlarından təmizləmək istiqamətində bir neçə uğurlu əməliyyat keçirir. Müharibənin gələcək perspektivlərini görməyən Ayətullah Xomeyni sülhə razı olur.
[redaktə]İraqın əks hücumu
6 il quru müharibəsində müdafiə strategiyası ilə çıxış edən İraq 1988-ci ilin aprelindən hücum əməliyyatlarını artıraraq 48 saat ərzində qanlı döyüşlər nəticəsində Fao yarımadasını geri qaytardı. Bu hadisə İraq üçün müharibədə dönüş nöqtəsi oldu. May ayında İraq qoşunları iranlıları Bəsrənin şərqindəki Salamançexa ərazisindən çıxardılar, iyunda isə 1985-ci ildə İran tərəfindən zəbt olunmuş Məcnun adalarını azad etdilər. İraq iyulun əvvəlində Kürdüstan əyalətindən İran ordularını çıxarır, ayın sonunda isə İran-İraq sərhəddinə daha da irəliləyərək İrana məxsus bir neçə sərhəd rayonlarını tutur. 1988-ci ilin avqustundan İraq hərbi hissələri iranlılara aramsız hücumlar sayəsində bir çox işğal edilmiş əraziləri azad edirlər.
Nəticədə Xomeyni anladı ki, İraqı məğlub etməyə çalışmaqdansa İranın bütövlüyünü saxlamaq daha vacibdir. Əvvəl "Zəhər içərəm, ancaq barışığa getmərəm" deyən Xomeyni dövlətinin məhv olmaq təhlükəsini göz önünə alaraq sülh danışıqlarına başlamağı qərara aldı
[redaktə]Müharibəyə dövlətlərin və beynəlxalq təşkilatların münasibəti

Fransa və digər qərb dövlətləri İraqı yeni növ silahlarla təmin edirdilər: Fransa -"Super Etandar" təyyarələri və "Ekzosse" raketləri, ABŞ - "Bell" raketləri və s. ilə. ABŞ müharibə ərzində İraqa 3,2 milyard dollar həcmində yardım göstərir.
Dünyanın 1 fövqəldövlətinin, Avropanın əksər ölkələrinin və 3 güclü müsəlman dövlətinin - Səudiyyə Ərəbistanı, Pakistan və Misirin açıq şəkildə dəstəklədiyi İraq İrana nisbətən güclü tərəf kimi müharibəyə girirdi.
İrana isə Cənubi Afrika Respublikası, Liviya, Argentina, Cənubi Yəmən, Suriya (Hafiz Əsədin S.Hüseynlə arasında düşmən münasibət var idi. Ona görə də İranı dəstəkləyən ilk ərəb dövləti olur) yardım edirdilər. Onların yardımı əsasən silah satmaqdan ibarət idi.
1980-1988-ci il müharibəsində hər iki tərəfə yardım edən dövlətlər: SSRİ, ABŞ (İran-Kontras qalmaqalı), Çin, Böyük Britaniya, Braziliya, AFR, Fransa, İtaliya və Şimali Koreya.
Türkiyə, Əlcəzair və Pakistan İran və İraq arasında vasitəçilik etməyə çalışırdılar.
Bu müharibədə İraq ABŞ-la yaxın əlaqələr qurmaqla yanaşı ərəb dünyasının liderliyinə can atır. İraq regionda İsraildən sonra ikinci hərbi qüvvəyə çevrilir.
Sovet İttifaqı müharibə dövründə neytral mövqe tutaraq hər iki tərəfi sülhə səsləyirdi. Müharibənin əvvəlində SSRİ İraqa silah satışını dayandırsa da, 1982-ci ildə müharibənin İraq ərazisinə keçməsi və İrandakı antisovet aksiyaları ilə əlaqədar olaraq yenidən bərpa edir. Bununla bərabər SSRİ Suriya vasitəsilə İrana da silah yardımı edirdi.

Sülh və müharibənin dayandırılması
1987-ci il 20 iyulda - BMT Təhlükəsizlik Şurası "İran və İraq arasındakı əlaqələrin vəziyyətinə dair" 598 saylı qətnamə qəbul edir. Bu qətnamədə Təhlükəsizlik Şurasının 1986-cı il 24 fevral tarixli 582 saylı qətnaməsinin tələbləri bir daha öz əksini tapır. Qətnaməyə görə hər iki tərəf dərhal atəşkəs elan etməli, quruda, suda və havada bütün hərbi əməliyyatlar dayandırılmalı, ordu hissələri beynəlxalq-hüquqi sənədlərlə təsdiq olunmuş sərhədlərə çəkilməli, atəşkəs rejiminin təmininə və qoşunların çəkilməsinə nəzarət üçün BMT tərəfindən müşahidə qrupu göndərilməli, habelə 12 avqust 1949-cu il Cenevrə sazişinə əsasən hərbi əsirlər azad olunmalı və hərbi əməliyyatlar dayandırıldıqdan sonra onların vətənlərinə dönməsi təmin edilməli idi. Həmçinin qətnaməyə əsasən BMT Baş katibinə tövsiyə olunurdu ki, müharibənin günahkarlarını müəyyənləşdirmək üçün xüsusi orqan yaradılsın.
1988-ci ilin iyulunda BMT-nin vasitəçiliyi ilə Cenevrədə İran-İraq danışıqları başlanır. Xomeyni BMT TŞ-nin 1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edir. İraq bunu İrandan bir neçə ay əvvəl etmişdi.
Birləşmiş Millətlər Təşkilatının və İslam Konfransı Təşkilatının vasitəçiliyi ilə 1988-ci il avqustun 20-də bütün cəbhələrdə atəşkəs rejiminin tətbiqinə başlanıldı və bununla da müharibə dayandırıldı.
20 avqustda imzalanmış atəşkəs 25 avqustda qüvvəyə minir. Tərəflərdən heç biri özünü məğlub hesab etmədi. 1990-cı il oktyabrda İraq-Küveyt böhranından sonra İraq 1975-ci il Əlcəzair müqaviləsinin şərtlərinə və talveq xətti üzrə müəyyənləşmiş sərhədlərə qayıtmağa razı olur. İraq onun nəzarəti altında olan İran ərazilərindəki hərbi hissələrini çıxarır və İranın irəli sürdüyü digər öhdəlikləri də qəbul edir. Əsirlərin dəyişdirilməsi həyata keçirilir və 2 dövlət arasında diplomatik əlaqələr bərpa olunur. Müharibə dayandırılsa da sülh müqaviləsi imzalanmır, yalnız atəşkəs elan edilir.
Əslində Xomeyninin başçılıq etdiyi İran hakimiyyətinin sülhə getməsinin əsas səbəbi ölkənin çox böyük insan itkisi və böyük maddi zərərlərə məruz qalması idi. Hərbi əməliyyatların gedişində İran tərəfinin ölü olaraq itirdiyi insanların sayı 600 min nəfərdən çox idi. Hər iki tərəfdən 1 milyon nəfərdən çox insan tələf olmuşdu. 40 mindən çox hərbçi əsir düşmüşdü. Müharibənin hər iki tərəfə vurduğu zərərin ümumi miqdarı 350 milyard dollar həcmində olduğu hesab edilir.
İraq İranla müharibə zamanı Sovet İttifaqında yaradılmış raketlərin hərəkət radiusunu genişləndirmiş, kimyəvi silahların kütləvi istehsalını artırmışdı.
 

<-Geri

 1  2  3  4  5  6  7  8 ... 12Devam -> 
 
 
Search in the Quran
Search in the Quran:
in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

Prayer Times For 6 Million Cities Worldwide
Country:

Search in the Hadith
Search: in
Download Islamic Softwares FREE | Free Code
www.SearchTruth.com

English to Arabic to English Dictionary
Find word:
Exact Word / Starting Word Sub Word
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
www.SearchTruth.com

Quran Auto Reciter

Search in Quran and Hadith

Islamic Softwares

Azan Times

Read Quran Online

Listen Quran Online

 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol