|
|
|
Xəbərlər  |
|
|
Bacılara 20 qızıl nəsihət
Əli İbrahimov tarih 08.08.2011, 11:47 (UTC) | | 1- İslami əhkamlara laqeyd yanaşma!
2- Dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da
çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.
3- Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma.
Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!
4- Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə
çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə!
5- Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə.
Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma
və ailədə din mövzusunda həyat yoldaşına kömək et.
6- Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa
etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol.
7- Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir.
Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq!
8- Dinə əməl edən qadınlardan köməyə ehtiyacı olanlara yardım et.
9- Qeybət və dedi-qodu etmə, söz gəzdirmə!
10- İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri
təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma!
11- Xüsusilə din biliyini artırmağa çalış.
12- Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq
küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə.
13- Axirət hayatını heç vaxt yaddan çıxarma!
14- Allaha və Rəsuluna (sallAllahu aleyhi və səlləm) qarşı
üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma!
15- Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış.
16- İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun naməhrəmlə danışmaqdan uzaq ol.
17- Allaha həqiqi şəkildə iman gətir və imanın əsaslarına bağlı ol.
18- Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyd yanaşma!
19- Allahın dininə bağlı olan qadınlarla yaxınlıq et!
20- Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan
bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə! | | |
|
QURANİ - KƏRİMİN BİLMƏDİYİMİZ MÖCÜZƏLƏRİ
Əli İbrahimov tarih 24.07.2011, 19:38 (UTC) | | Quranın indiyə qədər araşdırdığımız möcüzəvi xüsusiyyətlərindən əlavə bir də "riyazi möcüzə"ləri vardır. Bu möcüzəyə bir nümunə, Qurandakı bəzi söz təkrarlarının eyni sayda olmasıdır. Bir-biriylə əlaqədar bəzi sözlər çaşdırıcı bir şəkildə eyni ədəddə təkrarlanarlar. Aşağıda, bu cür sözlər və Quran içindəki təkrarlanma sayları göstərilmişdir.
1. Yeddi göy" təbiri 7 dəfə keçir. "Göylərin yaradılışı (xalqı səmavat)" ifadəsi də 7 dəfə təkrarlanar.
2. "Gün (yəvm)" tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (eyyam və yevmeyn)" sözləri 30 dəfə təkrarlanar. "Ay" sözünün təkrar sayı isə 12dir.
3. Bitki" və "ağac" sözlərinin təkrar sayı eynidir: 26
4. "Cəza (qarşılıq)" sözü 117 dəfə keçir, Quranın təməl əxlaq xüsusiyyətlərindən olan "məğfirət (bağışlama) " ifadəsi, bu ədədin tam 2 misli qədər, yəni 234 dəfə təkrarlanar.
5.De sözlərini saydığımızda çıxan nəticə 332dir. "Dedilər" sözünü saydığımızda da eyni rəqəmi əldə edərik.
6."Dünya" sözü və "axirət" sözünün təkrarlanma sayı da eynidir: 115
7."Şeytan" sözü Quranda 88 dəfə keçir. "Mələk" sözünün təkrarlanma sayı da 88dir.
8."İman" və "küfr" sözləri Quran boyunca 25 dəfə təkrarlanar.
9."Cənnət" və "cəhənnəm" sözləri də eyni sayda təkrarlanar: 77.
10."Zəkat" sözü Quranda 32 dəfə təkrarlanarkən, "bərəkət" sözünün təkrarlanış sayı da 32dir.
11."Yaxşılar (ebrar)" 6 dəfə təkrarlanarkən, "pislər (fuccar)" sözü isə tam yarısı qədər yəni 3 dəfə keçər.
12."Yaz-isti" sözləri ilə "qış-soyuq" sözlərinin keçiş ədədləri də eynidir: 5
13."Şərab (hımr)" və "sərxoşluq (sekere)" sözləri də Quranda eyni sayda təkrarlanar: 6
14."Dil" və "vəz" sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilər:
15."Fayda" sözü 50, "pozmaq" sözü də 50 dəfə təkrarlanar.
16.Əcr" və "fail" sözlərinin təkrar sayı da eynidir: 108
17."Sevgi" və "itaət" sözlərinin təkrar sayı eynidir: 83
18."Müsibət" sözü və "şükr" sözü, Quranda eyni sayda keçməkdədir: 75 dəfə
19."Günəş (şəms)" və "işıq (nur)" sözləri Quranda 33 dəfə keçməkdədir.
Saymada "nur" sözünün yalnız adlıq halda işləndiyi yerlər nəzərə alınmışdır.
20.Doğru yola çatdıran (Elhuda)" və "rəhmət" sözlərinin təkrar sayı bərabərdir: 79
21.Quranda "çətinlik" sözü 13 dəfə iştirak edərkən, "dinclik" sözü də 13 dəfə təkrarlanmaqdadır.
22."Qadın" və "kişi" sözlərinin təkrar sayı da eynidir: 23
Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan embrionundakı xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46dır.
23."Xəyanət" sözü 16 dəfə keçərkən, "xəbis" sözünün təkrar sayı da 16dır.
Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar. (Nisa Surəsi, 82)
24."İnsan" sözü Quranda 65 dəfə keçər; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir:
25.Salavat sözü bütün Quranda 5 dəfə keçər və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.
26."Quru" sözü Quranda 13 dəfə keçərkən, "dəniz" sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 sayını verir. Əgər quru hissəsinin Quranda keçdiyi say olan 13ü 45ə bölsək, %28,888888888889 sayını alarıq. Dənizlərin Quranda bəhsedilmə sayı olan 32i 45ə böldüyümüz zaman isə, %71,111111111111 sayını taparıq. Bu nisbətlər isə, planetimizdəki su və quru parçalarının gerçək nisbətidir.
| | |
|
Katolik kilsəsinin ən böyük cinayəti – uşaqların xaç yürüşləri
Əli İbrahimov tarih 24.07.2011, 19:36 (UTC) | | Bu uşaqların bəziləri aclıqdan ölüb, bəziləri dənizdə batıb, bəziləri itlərə, adamyeyənlərə yem olub, bəziləri isə bazarda qul, fahişə kimi satılıb
Tarixin dəhşətli səhifələrindən biri - uşaqların xaç yürüşünü bir çox alim uydurma hesab edir. Əslində isə uşaqların xaç yürüşü həqiqətən olub və bu, əfsanə deyil. XIII əsrin əksər salnaməçiləri biri-birindən xəbərsiz bu barədə rəvayətlər yazıb.
1212-ci ilin yayında Fransa və Almaniya yollarında sadə kətan köynək və qısa şalvar geyinmiş, demək olar ki, ayaqyalın, başıaçıq, kiçik qruplarla və toplu halda yaşları on iki və yuxarı olan uşaqlar yürüyürdülər. Hər birinin köynəyinin yaxasında parçadan yaşıl, qara və qırmızı rəngdə xaçlar tikilmişdi. Onlar gənc xaçlılar idi. Kütləvi yürüşü zamanı yellənən rəngarəng bayraqlarda İsa peyğəmbərin (ə), körpə uşaqla Müqəddəs Məryəmin təsviri vardı. Xaçlılar cingiltili səslə İlahini tərənnüm edən dini marşlar oxuyurdular. Bu gənc kütlə hara və nə məqsədlə gedirdi?
Xaç yürüşlərinə çağırış
İlk dəfə XI əsrin əvvəlində Papa II Urban Qərbi Avropa dövlətlərini xaç yürüşünə çağırmışdı. Bu hadisə 1095-ci ilin payızında Klermonda (Fransa) baş vermiş kilsə nümayəndələrinin növbəti qurultayı başa çatandan dərhal sonra baş verdi. Papa şəhər yaxınlığındakı düzənliyə yığışan cəngavər, kəndli, şəhərli, rahib kütləsinə müraciət edərək onları müsəlmanlara qarşı müqəddəs müharibəyə çağırdı. Papanın çağırışına Fransadan, bir müddət sonra isə Qərbi Avropanın digər dövlətlərindən on minlərlə cəngavər və yoxsul kəndlilər səs verdi.
Beləliklə, xristianların müqəddəs saydıqları Yerusəlim şəhərinə nəzarət edən Səlcuq türklərinə qarşı döyüşmək məqsədilə 1096-cı ildə ilk xaçlı yürüşü başladı. Rəvayətlərə görə, guya orada İsa peyğəmbərin (ə) məzarı yerləşir. Bu müqəddəs məkanın azad edilməsi xaç yürüşləri üçün bəhanə idi. Xaçlılar öz paltarlarına xaç tikirdilər ki, bu da onların dini məqsədlə - müsəlmanları Yerusəlimdən və Fələstinin digər müqəddəs yerlərindən qovmaq üçün müharibəyə getdiklərini göstərmək üçün idi.
Xaçlıların məqsədləri
Əslində isə xaçlıların məqsədi yalnız dini deyildi. XI əsrdə Qərbi Avropada torpaqlar dünyəvi və dini feodallar arasında bölüşdürülmüşdü. Feodalın torpağına sahib olmaq adətə görə, yalnız onun böyük oğluna aid idi. Nəticədə isə xeyli sayda torpaqsız feodal təbəqəsi meydana gəldi. Və onlar nə yolla olursa-olsun, torpaq əldə etməyə çalışırdılar. Katolik kilsəsi ehtiyat edirdi ki, torpaqsız feodallar və cəngavərlər kilsənin geniş torpaqlarını əldə etməyə cəhd göstərə bilərdilər. Bundan başqa, kilsə xadimləri, başda Papa olmaqla, öz nüfuz dairələrini yeni ərazilər tutmaqla daha da genişləndirmək və onların hesabına yaşamaq istəyirdilər. Fələstində olmuş səyyahların Şərqi Aralıq dənizi ölkələrinin zənginliyi haqqında dedikləri cəngavərləri şirnikləndirirdi. Bundan istifadə edən Roma papaları «Şərqə!»,- deyə çağırış etdilər. Xaçlı cəngavərlərin planında «İsanın məzarının azad edilməsi» üçüncü dərəcəli məsələ idi: feodallar dənizsahili torpaqların, şəhərlərin, var-dövlətin ələ keçirilməsinə can atırdılar.
Xaç yürüşlərinin iştirakçıları
Xaç yürüşlərinin ilk dövrlərində feodalların zülmündən, qıtlıqdan və aclıqdan əziyyət çəkən xeyli sayda yoxsul kəndli iştirak edirdi. Ehtiyac içində boğulan kəndlilər, əsasən də təhkimli kəndlilər kilsə moizələrini dinləyərək, inanırdılar ki, onların yaşadıqları bu acınacaqlı həyat etdikləri günahların qarşılığında Allahın onları cəzalandırmasıdır. Keşişlər və rahiblər insanları inandırırdılar ki, əgər xaçlılar «Allahın məzarı»nı müsəlmanlardan almağa nail olsalar, o zaman qüdrətli Allahın kasıblara yazığı gələcək və onların əzabını yüngülləşdirəcək. Kilsə xaçlılara günahlarının bağışlanmasını, öləcəkləri təqdirdə isə, cənnətdə yer vəd edirdi.
Artıq birinci xaç yürüşündə on minlərlə yoxsul kəndli ölmüşdü, səfərə çıxanların çox azı güclü cəngavər ordusu ilə birgə Yerusəlimə çata bilmişdi. 1099-cu ildə xaçlılar bu şəhəri, Suriya və Fələstinin digər sahilyanı şəhərlərini tutanda, əldə edilən bütün var-dövlət iri feodal və cəngavərlərin əlinə keçdi.
“Müqəddəs torpağın” (avropalılar o zaman Fələstini belə adlandırırdılar) məhsuldar əraziləri və çiçəklənən ticarət şəhərlərini ələ keçirən xaçlı ordusu orada öz dövlətlərini qurdu. Kəndlilər demək olar ki, heç nə almadılar və beləliklə də sonrakı xaçlı səfərlərində getdikcə daha az kəndli iştirak edirdi.
Lakin bütün bu xaçlı yürüşləri məğlubiyyətə uğrayıb. XIII əsrin ortalarında fransız, italyan və alman cəngavərləri Papa III İnnokentinin çağırışı ilə dördüncü dəfə silaha sarıldıqda bu dəfə artıq müsəlmanlara yox, xristian Bizans dövlətinə qarşı vuruşmağa başladılar. 1204-cü ilin aprelində cəngavərlər Bizansın paytaxtı Konstantinapolu tutaraq, şəhəri qarət edirlər və bununla da «Allahın məzarı»nın xilas edilməsi haqda şüarların əsl məqsədini üzə çıxarırlar.
Çoban Stefan
Bu hadisədən səkkiz il sonra uşaqların xaç yürüşü başladı. 1212-ci ilin mayında Parisdə Müqəddəs Dionisi abbatlığına on iki yaşlı bir uşaq - çoban gəlir. Uşaq elan edir ki, onu Allah uşaqların «müqəddəs torpağa” «kafir»lərə qarşı yürüşünə başçılıq etməsi üçün göndərib. Sonra bu uşaq kəndləri, şəhərləri gəzir. Meydan və yol ayrıclarında, insanların gur toplaşdığı yerlərdə nitq söyləyir, öz həmyaşıdlarını «Allahın məzarı»na doğru yola çıxmağa çağırırdı: «Böyük xaçlılar – axmaq adamlardır, acgöz və tamahgir günahkarlardır. Onlar Yerusəlimdə nə qədər vuruşsalar da, heç nə alınmır. Allah o günahkarların kafirlər üzərində qələbə qazanmağını istəmir. Allahın rəhmətini ancaq günahsız uşaqlar qazana bilərlər. Heç bir silah olmadan onlar Yerusəlimi Sultanın hakimiyyətindən azad edə bilərlər. Allahın əmri ilə Aralıq dənizi onların qarşısında aralanar, onlar Musa kimi quru yerdən keçərək kafirlərdən «Allahın məzarı»nı geri alacaqlar».
«İsa özü mənim yuxuma gəldi, dedi ki, uşaqlar Yerusəlimi bütpərəstlərdən alacaqlar»,- deyə çoban çıxış edirdi. Daha da inandırıcı olsun deyə, o, əlindəki kağızı başının üstünə qaldırdı: «Xilaskarın mənə verdiyi məktub budur. Bu məktubda o, mənə Allah eşqinə dəniz arxasına gedəcək olan sizlərə başçılıq etməyimi tapşırıb».
Salnaməçilər yazırlar ki, bu alovlu çıxışdan sonra, Stefan müxtəlif «möcüzə»lər göstərir - guya əlini toxundurmaqla kor adamın gözlərini açır, şikəsti sağaldır. Stefan Fransada böyük şöhrət qazanır. Onun çağırışı ilə uşaq kütləsi gənc xaçlıların toplanış məntəqəsinə çevrilmiş Vandom şəhərinə doğru hərəkət edir.
Fransa kralı II Filipp istənilən bu tipli hərəkatın təşkil olunmasını qadağan edən fərman imzalamasına baxmayaraq, bu fərman kağız üzərində qalır. Kral mütləq hakimiyyətə malik deyildi və Papa ilə açıq-açıq mübahisə etmək onun üçün təhlükəli idi.
Salnaməçilər uşaqlarda bu əzmin, inadkarlığın hardan qaynaqlandığını izah etmirlər. Əslində səbəblər bir zaman yoxsul kəndliləri Şərqə yürüş etməyə həvəsləndirən amil idi. XIII əsrdə xaçlılar hərəkatı soyğunçuluq, cəngavərlərin uğursuzluqları və itkiləri ilə ləkələnmişdisə də, xalqda Yerusəlimin geri alınacağı təqdirdə Allahın mərhəmət göstərəcəyinə inam var idi. Kilsə xadimləri də bu fikrə ciddi-cəhdlə tərəfdar çıxırdılar. Keşiş və rahiblər kəndlilərin ağalarına qarşı artan narazılığını «savab iş» - xaç yürüşləri ilə yatırmaq istəyirdilər. Bu gənc, divanə çoban Stefanı kilsə xadimləri müdafiə edirdilər. Onlar Stefana əvvəldən hazırlanmış «möcüzə»ni göstərməyə kömək edirdilər.
Xaçlı həyəcanına əvvəlcə Fransa, sonra isə Almaniyada on minlərlə yoxsul uşaq qoşuldu. Çoban Stefanın arxasınca 30 min nəfər uşaq gedirdi...
Gənc xaçlıların taleyi çox acınacaqlı olur. Onlar verilən yardımlarla qidalanaraq Tur, Lion və digər şəhərləri keçirlər. Din pərdəsi altında bir çox qanlı müharibənin baiskarı olan Roma Papası III Innokenti bu son dərəcə təhlükəli və axmaq yürüşü dayandırmaq üçün heç bir tədbir görmür. Əksinə, elan edir: «Bu uşaqlar bizə, böyüklərə dərs keçirlər: bizim yuxuda olduğumuz zaman onlar sevinclə “müqəddəs torpağa” yola düşürlər».
Xaçlı döyüşçülər, yoxsa əl-qolu qandallı qullar?
Yürüş zamanı uşaqlara xeyli sayda böyük – kəndlilər, yoxsul sənətkarlar, keşiş və rahiblər, eyni zamanda oğrular və başqa cinayətlər törətmiş insan da qoşulmuşdu. Həmin oğrular zaman-zaman uşaqların yeməklərini, pullarını oğurlayırdılar. Xaçlıların sayı yolboyu sürətlə artırdı. Nəhayət onlar Marselə çatırlar. O an hamısı möcüzə görmək arzusu ilə körpüyə atılırlar. Lakin əlbəttə ki, möcüzə baş vermir və dəniz yarılmır. İki tacir xaçlıları «Allah işi üçün» heç bir təmənna güdmədən digər sahilə çıxarmağı təklif edir. Uşaqları yeddi böyük gəmiyə doldururlar. Sardiniya sahillərindən çox uzaq olmayan Müqəddəs Pyotr adasının yaxınlığında gəmilər tufana düşür. İki gəmi sərnişinləri ilə birgə dənizin dibinə gedir. Qalan beş gəmi isə gəmiçilərin köməyi ilə Əlcəzair limanına gətirilir və burada onları ərəb donanması qarşılayır. Sonra isə…
Sonra isə uşaqların qollarını qandallayaraq, qul kimi satırlar.
Lakin Əlcəzair sadəcə yola salma məntəqəsi, toplanış bazası idi və orada qula çox da ehtiyac yox idi. Qullara Şərqdə - Suriya, Bağdad, Farsda tələbat var idi. Bu ölkələrə gedən yol isə Fələstindən keçirdi. Uşaqlar Fələstinə gəlib çıxdılar, lakin boyunlarına keçirilmiş taxta kündə və ayaqlarında qandalla.
Papa III Innokeninin bundan xəbəri vardımı? Əlbəttə vardı! Baxmayaraq ki, yürüşə nəzarət edirdi və Papa kəşfiyyatı o dövrdə çox güclü idi, yürüşün nəticəsi onu heç bir şəkildə maraqlandırmırdı. Xristian rahiblər isə uşaqlara nisbətən şanslı oldular. Onları Misir Sultanı Malik əl-Kamil satın alır. Onlar Sultanın əmri ilə sarayların birində qədim yunan və latın mətnlərinin ərəb dilinə tərcümə edilməsi ilə məşğul olurdular. Onlara qoyulan yeganə qadağa Misiri tərk etməmək idi.
Bəs uşaqlar? Onların sonrakı taleyi naməlumdur. Ehtimal etmək olar ki, çox istismar olunmaqdan elə ilk illərdəcə ölüblər. Onlardan kiminsə geri qayıtması haqqında ən kiçik bir məlumat yoxdur.
Nikolas - peyğəmbər?
Fransız uşaqlarla eyni vaxtda 20 min nəfər alman uşaq da yola çıxmışdı. Onlara Nikolas adında on yaşlı uşaq başçılıq edirdi. O da atasının öyrətmələri ilə Stefanın dediklərini təkrar edirdi. Gənc xaçlı kütləsi Kölndən yola çıxaraq, Reyn boyunca Cənuba doğru hərəkət edirdi. Uşaqlardan ibarət qafilə iki dəstəyə bölünür. Nikolasın başçılıq etdiyi dəstə Reyn boyunca Lotaringiya, Burqundiya, Şvabiyadan keçir. İkinci dəstə isə daha uzun yolla- Bavariya, Frankoniya və Şərqi Şvabiyadan hərəkət edir.
Hər iki dəstənin qarşısında keçilməsi çox çətin olan Alp dağları vardı. Uşaqlar yaxınlaşdıqları hər şəhərdə sanki Yerusəlimi görürdülər. Dəstələrə gənc xaçlıları idarə etməyi bacaran yaşca böyük kişilər başçılıq edirdilər. Bunlar Papanın tapşırıq və direktivlərini yerinə yetirən rahiblər idi. Təxminən bir ay ərzində hər iki dəstə Alpa çıxa bildi. Və uşaqlar çox çətinliklə dağları keçdilər.
Uşaqların üçdə ikisi aclıq, istilik, yorğunluq və xəstəlikdən həlak olur. Qalanları çox böyük çətinliklə avqustun 25-də İtaliyanın Genuya şəhərinə çata bilir. Şəhər rəhbərliyi bu qədər uşağın gəlməsinin düşmənlərə şəhərdə fitnə-fəsad yaratmaq üçün əlverişli şərait yaradacağından ehtiyat edərək onları qovur. Paralel olaraq şayiə yayılır ki, uşaqlar alman imperatorunun gizli casuslardırlar.
Faciəli son
Uşaqlar çox böyük əziyyətlə yollarına davam edirlər. Onların çox az hissəsi Brindizi (İtaliyada liman şəhəri) şəhərinə çata bilir. Ac və üst-başları cırıq-cırıq olan uşaqların görkəmi o qədər acınacaqlı idi ki, yerli hakimiyyət orqanları yürüşün davam etdirilməsinə qarşı çıxır. Gənc xaçlılar evlərinə qayıtmalı olurlar. Burada diqqəti çəkən çox maraqlı məqam var: yürüşə başçılıq edən Nikolas ortalıqdan yox olur. Onun hara getdiyi bilinmir, lakin bu hadisə vəziyyəti kökündən dəyişir. Uşaqlar bir an içərisində idarəolunmaz kütləyə çevrilirlər. Bu kütlə bir neçə hissəyə parçalanır və bütün İtaliyaya yayılır. Genuyada qalanları varlı ailələr qulluqçu kimi götürürlər. Ən pis vəziyyət isə Milanda yaranır. Uşaqları döyür, itlərə gəmirtdirir, sonra isə şəhərin kənarına atırlar. Daha dözümlü olanlar Romaya qədər gedib çıxır. Sağ qalan xaçlılar Roma Papasına müraciət edərək onların xaç yürüşü üçün verdikləri anddan azad olmaların xahiş edirlər. Lakin Papa onlara həddi-buluğa çatana qədər möhlət verir və tapşırır ki, dərhal geriyə -Almaniyaya qayıtsınlar. Geri qayıtmaq istəyənlərin çoxu yolda aclıqdan ölür. Şahidlərin dediklərinə görə, uşaqların cəsədləri həftələrlə yollarda qalırdı.
Almaniya qayıtmayan xaçlılar İtaliyanın cənubuna doğru irəliləyərkən daha dəhşətli aqibətlə qarşılaşırlar. Həmin il İtaliyada aclıq və səfalət fəlakət həddində idi. O dövrdə adamyeyənlik faktının olmasına dair mənbələrdə xeyli sayda dəlil-sübut var. Valideynlərin öz övladlarını yediyi vaxtda alman uşaqların yad və düşmən ölkədə nəyə məruz qaldıqlarını təsəvvür etmək belə çətindir. Mənbələrdən məlumdur ki, dəstədəki bütün qızlar fahişəxanalara verilir. Ən dəhşətlisi odur ki, bütün bunlar yepiskopun razılığı ilə olur.
Bəs Papa bunları bilirdimi? Heç şübhəsiz! Əgər o özünün var - dövlətinin yüzdə birini sərf etsəydi, çox güman ki, «Allahın ordusu»nun hamısı sağ qalardı. Lakin Papa heç bir fədakarlıq etmədi. Brindizidə yerli arxiyepiskop uşaqlara bir neçə xüsusi hazırlanmış gəmi verir və onları yola salır. Lakin gəmilər elə limandaca dənizə batır və heç kim uşaqları xilas etməyə çalışmır.
Uşaqların xaç yürüşü xalqın fəlakəti və katolik kilsəsinin bütün vasitələrlə xalqlara təlqin etdiyi dini fanatizmin öldürücü təsirinin nəticəsi idi. Məhz onlar gənc xaçlıların kütləvi ölümlərinin əsas günahkarları idilər.
| | |
|
II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
www.tqdk.gov.az tarih 23.07.2011, 17:48 (UTC) | | 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 23-də saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent (müsabiqədə iştirak etmək hüququ qazanıb.
II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
Müsabiqə şərtləri
• II qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla digər fənlərdən ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər. | | |
|
IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
www.tqdk.gov.az tarih 20.07.2011, 17:47 (UTC) | | 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələri iyulun 18-də saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 691 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 4144 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
• IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
• Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Əczaçılıq (baytarlıqda);
- Baytarlıq.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər. | | |
|
I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
www.tqdk.gov.az tarih 20.07.2011, 17:46 (UTC) | | 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 10-da keçirilmiş qəbul imtahanının nəticələri iyulun 12-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 959 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 32564 abituriyentdən 65 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 9513 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər maksimal nəticə-700 bal toplayıb.
I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər. | | |
|
|
|
|
|
|
|